Bu bloq Azərbaycanın ilk marketinq bloqu olmaqla birlikdə Azərbaycan dilində məlumatlandırmağı, paylaşmağı məqsəd qoymuş bloqdur.

KAŞ

KAŞ...

Bu həyat qatarım sürətlə ötür,

Ömür ağacımdan yarpaqlar düşür,

Sevgi kədərimi silib-süpürür,

Kaş bir gün öncədən sevərdim səni.

Sevgi yaşamaqmış, indi anladım,

Sanki yaşamağa yeni başladım.

Saatlar keçdikcə geridə qaldım,

Kaş bir gün öncədən sevərdim səni.

Artıq qum saatım işləyir mənim,

Saniyə, salisə olub düşmənim,

Xeyli uzaqlaşıb məndən dünənim,

Kaş bir gün öncədən sevərdim səni.

Səninlə olanda zaman dayansa,

Bizi hər ayıran zalım da yansa,

Dönərdim geriyə imkanım olsa,

Kaş bir gün öncədən sevərdim səni.

Mən səni yazıram lisanı-halda,

Zaman ötüb keçir, mənsə xəyalda,

Sən yoxsan yanımda zəhərdi bal da,

Kaş bir gün öncədən sevərdim səni.

Dünya zindan olub mən isə məhbus,

Daim qonağımdı yuxuda kabus,

Mənə soyuq deyil nə qar, nə də buz,

Kaş bir gün öncədən sevərdim səni.

Axtarır hər yerdə səni gözlərim,

İzində gəzməkdən əsir dizlərim.

Ömürdən itkidir sənsiz günlərim,

Kaş bir gün öncədən sevərdim səni.

İnan duyğu yoxdu sevgidən üstün,

Səni yar seçməklə olmuşam bütün.

Sevmişəm mən səni keçən il, bu gün,

Kaş bir gün öncədən sevərdim səni.

Bakı, 15.08.2008